Əziz Qubaydullin
Qubaydullin Qazis (Əziz) Salih oğlu (15 (27) iyun 1887 və ya 1887 – 13 oktyabr 1937 və ya 1938, Bakı) – professor, yazıçı, tarixçi, repressiya qurbanı.
1887-ci ilin iyununda Kazanda tacir ailəsində anadan olmuş Əziz Salih oğlu Qubaydullin adı qaynaqlarda Əziz, Aziz, Qaziz, Oaziz, soyadı Qubaydullin, Ubaydullin, ata adı isə Saleh, Salih və ya Salihoviç kimi yazılıb. Bu fərqlilik eyni ad və soyadın Rus, Tatar və Azərbaycan türkcəsində yazılışından doğur.
Valideynləri Əzizi kiçik yaşlarında mollaxana adlandırdığımız məhəllə məktəbinə göndərib. Orada "Qurani Kərimi" oxumağı, islam dininin əsaslarını öyrəndikdən sonra, yəni səkkiz yaşında Xalidiyyə mədrəsəsinə gedib. Onun oxuduğu mədrəsədə dərs deyən müəllimlər Yaxın Şərqin məşhur elm ocaqlarında oxuduqlarından tələbələrinə formal sxolastik məntiq və fəlsəfəni də dərindən öyrətməyə çalışıblar.
Tatarıstan Rusiya işğalı altına düşdükdən sonra buradakı ziyalıların çoxu Rus mədəniyyəti, ədəbiyyatı ilə eləcə də Rusiya vasitəsilə Avropanın inkişaf etmiş xalqlarının ərəbiyyatı, elmi və mədəniyyəti ilə yaxından tanış ola bilmişdilər. Buna görə də Xalidiyyə mədrəsəsinin tədris proqramı Yaxın Şərqin mədrəsələrinin ənənəvi tədris proqramından xeyli fərqlənirdi. Belə ki, burada tələbələr Qərb mədəniyyəti, orada gedən ideoloji mübarizələr tarixi ilə də tanış ola bilirdilər.
Əziz də mədrəsədə oxumaqla yanaşı, hökumətin açdığı Rus-tatar məktəbinə də gedib.